“Qohumluq əlaqələrinin müəyyənləşməsinə gəlincə, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq”.
Turkustan.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, yaxın qohumların evliliyi müəyyən irsi xəstəliklərə səbəb olur:
“Qan qohumlarının evliliyi müəyyən irsi xəstəliklərə səbəb olur. Bu mənada qohum nikahların qadağası bütövlükdə sağlam cəmiyyətin, sağlam genefondun formalaşmasına yönələn addımdır.
Ailə Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qadağan olunan evliliklər siyahısına əmi, dayı, bibi və xala uşaqlarının evliliyi, həmçinin ümumi bioloji baba və nənəsi olan qardaş və bacı uşaqlarının evliliyi də daxil edilib. Yəni aralarında nikahın bağlanması yol verilməyən şəxslərin əhatə dairəsinin genişlənməsi zərurətdən yaranır.
Qohumluq əlaqələrinin müəyyənləşməsinə gəlincə, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə ediləcək”.
Deputat diqqətə çatdırıb ki, bu mövzuda vətəndaş məsuliyyəti də ön plana çıxır:
“Yeri gəlmişkən, 2015-ci ildə Ailə Məcəlləsinə dəyişiklikdə nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı təqdim etmələri, yəni icbari tibbi müayinədən keçmələri qarşıya mühüm vəzifə kimi qoyulur. Bu, bir sıra irsi xəstəliyin və şikəst uşaqların doğulmasının qarşısının alınmasında yaxşı nəticələr verir.
Bu məsələdə vətəndaş məsuliyyəti də ön plana çıxır. Artıq nikaha girən şəxslər, onların valideynləri də anlamalıdır ki, informasiyanı gizlətmək, qanundan yayınmaq mümkün deyil. Üstəlik, bu yayınmalar təhlükəli risklər yaradır. Bir faktı unutmamalıyıq: yad cütlüklər arasında nikahlar nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdən risk 4-8 %-dək artır. Yəni 2 dəfə. Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi qohum nikahlardan formalaşan ailələrin payına düşür. Bunu istər paytaxtda, istərsə də bölgədə yaşayan şəxslər nəzərə almalıdır”.