RU

Suvarma sistemli əkinlər əlavə subsidiyalaşdırılır

Son 4 ildə Azərbaycanda müasir (pivot) suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatların ümumi sahəsi 80 min hektardan 120 min hektara çatdırılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. Müasir suvarma sistemlərindən istifadənin genişləndirilməsinin Aqrar Subsidiya Şurasının qərarları ilə dəstəkləndiyini bildirən şöbə müdirinin sözlərinə görə, hazırda belə təsərrüfatlara 60 faiz çox subsidiya verilir.

F.Tağıyev qeyd edib ki, ölkədə pivot suvarma sistemlərinin tətbiqinin genişləndirilməsində Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanının xüsusi rolu var. Pivot suvarma sistemləri quraraq ərzaqlıq buğda əkən fermerlərə stimullaşdırıcı tədbir olaraq hər ton məhsul üçün əlavə 100 manat məhsul subsidiyası verildiyini deyən şöbə müdirinin sözlərinə görə, sözügedən sənədin məqsədi pivot suvarma sistemləri olan təsərrüfatları ərzaqlıq buğda istehsalına cəlb etmək, bununla da, ölkədə məhsul istehsalını artırmaqdır. O bildirib ki, artıq bu sahədə uğurlu nəticələr əldə edilib, müasir suvarma sistemləri olan 22-24 min hektar ərazidə ərzaqlıq buğda əkilib.

Nazirlik rəsmisi onu da deyib ki, hazırda təsərrüfatların müraciətləri əsasında problemləri ümumiləşdirilir və həll edilir: “Bu problemlər elektrik enerjisi və su təchizatı, torpağın təyinatı ilə bağlıdır. Bəzi təsərrüfatlarda isə problem yoxdur. Bu çərçivədə fəaliyyət göstərən işçi qrupu problemlərin həlli istiqamətində tədbirlər görür. Ötən il pivot suvarma sistemli təsərrüfat qurmaq istəyən şəxslərin enerji problemləri aradan qaldırılıb, bu il isə suvarma problemlərinin həlli istiqamətində tədbirlər görüləcək”.

Ölkədə pivot suvarma sistemlərinin qurulmasında böyük hədəflərin olduğunu vurğulayan F. Tağıyev onu bildirib ki, hər il 4-5 min hektar ərazi pivot suvarma sistemləri ilə əhatə olunur. Hazırda həmin ərazilərin genişləndirilməsi üçün aidiyyəti qurumlarla pivot suvarma sisteminin tətbiq edilə biləcəyi sahələrin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Избранный
8
1
xalqqazeti.az

2Источники