Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu gün Ulu Öndərin milli dəyərlərimizin qorunmasına və inkişafına yönəldilmiş siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. Azərbaycan xalqı öz böyük xilaskar oğlunun əziz xatirəsini daim yaşadacaq, gələcək nəsillər isə Ulu Öndər Heydər Əliyev dühasının işığında əsrlər boyunca azad və müstəqil Azərbaycanın vətəndaşları olaraq qarşılayacaqlar. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi. Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başladı. İctimai şüurdakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı. Ulu öndər xalqda milli heysiyyəti gücləndirdi, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. Xalqımız keçmişin ağır buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli - mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Hər birimizin yaxşı yadındadır ki, Heydər Əliyev sağlığında bu əziz bayramda xalqın arasında olmaqdan sonsuz qürur hissi duyar, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüşməkdən xüsusi zövq alardı. Ümummilli lider 2000-ci il martın 21-də Novruz bayramında son dərəcə parlaq, unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.
Heydər Əliyev qeyd edibdir ki, Novruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədardır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Dahi siyasətçi həmin tarixi çıxışında Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz buraxdığını məxsusi qeyd edərək vurğulayıbdır: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”. Sevindirici haldır ki, ümummilli liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir.