Martın 18-nə keçən gecə İsrail ordusu iki aylıq atəşkəsdən sonra HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib...
Poliqon xəbər verir ki, ilkin məlumatlara görə, 200-dən çox insan həlak olub.
Məlumatlara görə İsrail təyyarələri Qəzza zolağına ən azı 35 zərbə endirib. Qəzza KİV-i xəbər verir ki, ölənlərin sayı 200-ü keçib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə hava hücumlarından biri Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsindəki qaçqın düşərgəsinə endirilib.
İsrail ordusundan bildiriblər ki, zərbələrin hədəfi HƏMAS-ın orta səviyyəli komandirləri, Siyasi Büro üzvləri və hərəkatın infrastrukturu olub. Ölənlər arasında HƏMAS siyasi büro üzvü Əbu Ubeydə əl-Cəmasi, Qəzzanın daxili işlər nazirinin müavini general-mayor Mahmud Əbu Vətfa da var.
Zərbələr Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın girovları qaytara bilməməsi ilə əlaqədar HƏMAS-a qarşı “qətiyyətli addımlar atmaq” əmrindən sonra baş verib. HƏMAS İsrail hökumətinin döyüşləri bərpa etmək qərarının razılaşmanı pozduğunu və girovların həyatını riskə atdığını bildirib.
ABŞ səlahiyyətliləri əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılıb.
Poliqon.info