Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.
Görüş zamanı Prezident İlham Əliyev bildirib ki: “Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrənəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a söyləyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa növbəti səfərləri çərçivəsində bir sıra mühüm açılışlarda iştirak etdilər:

"Dövlət başçısı Ağdərədə yerli sakinlərlə görüşdü, infrastruktur layihələrinin açılışına qatıldı və yeni inşa olunmuş məscidin açılışında iştirak etdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin sürətli bərpası və yenidən qurulması prosesini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.
Biz Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərlər etdiyini görürük. O, bütün proseslərə şəxsən nəzarət edir və onların icrasını yaxından izləyir. Bu isə onun Qarabağ və Şərqi Zəngəzurun bərpasına nə qədər həssas və diqqətli yanaşdığını bir daha sübut edir. Artıq doğma torpaqlarına qayıdan insanların sevinci, yeni salınan yaşayış məntəqələrində həyatın canlanması Azərbaycanın uğurlarının bariz göstəricisidir.
Ən önəmli məqamlardan biri isə budur ki, Azərbaycan bütün bu quruculuq işlərini tamamilə öz daxili resursları hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyinə ehtiyac duymadan, qısa müddət ərzində dağıdılmış ərazilər sürətlə abadlaşdırılır, yeni yollar, yaşayış binaları, sosial obyektlər tikilir. Bu fakt Azərbaycanın güclü iqtisadi potensiala və möhkəm iradəyə malik olduğunu sübut edir".
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə dünyanın ən gözəl və abad bölgələrindən birinə çevriləcək:
"Bu uğurlar asan əldə edilməyib – qətiyyət, prinsipial mövqe və güclü siyasi iradə sayəsində Azərbaycan tarixi nailiyyətlərə imza atıb. Torpaqlarımızın işğaldan azad olunmasını və orada sürətlə quruculuq-abadlıq işlərinin həyata keçirilməsini görmək hər bir vətəndaş üçün böyük qürur mənbəyidir. Şübhəsiz ki, bu proses Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən biri kimi dəyərləndirilməlidir".