Hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.
Qeyd edib ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb.
Ə.Əsədov vurğulayıb ki, 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb.
"Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır".
Mina Mikayılova