Martın 21-23-ü aralığında Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Ölkə yarışda 8 çəki dərəsində 12 cüdoçu (8 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Kişilərdən Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), qadınlardan Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) tatamiyə çıxacaqlar.
Cüdoçulara turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev yer alacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.