AZ

"Sədərək" firması Naxçıvanda suvarma ilə bağlı problemləri həll edir

Martın 14-də “Sədərək” firması tərəfindən Sədərək rayonunda həyətyanı sahələrin suvarma suyuna olan tələbatın ödənilməsi məqsədilə qazılan 6 yeni subartezian quyusu istifadəyə verilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib, görülən işlərlə tanış olub.

Sonra rayon sakinləri ilə görüşən səlahiyyətli nümayəndə sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib, subartezian quyularının istismara verilməsi prosesinin davamlı olacağını diqqətə çatdırıb. Vurğulanıb ki, rayonda uzun illərdir, içməli su və kanalizasiya sistemləri, yol infrastrukturu sahələrində olan problemlərin də gələn ilin mart ayına kimi həll olunması nəzərdə tutulub.

Sədərək rayon sakinləri Əkbər Kərimov və Nəcəf Fərzəliyev yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, "Sədərək" firmasının rəhbəri, iş adamı Hacı Ənvər Qədimbəyli tərəfindən rayonda həyətyanı sahələrin suvarma suyuna olan tələbatının tam ödənilməsi üçün, ümumilikdə, 30 subartezian quyusunun istismara verilməsi nəzərdə tutulur. Hazırda işlərin 50 faizi görülüb. Yeni istifadəyə verilən 6 subartezian quyusunun hər birinin su sərfiyyatı saatda 25 kubmetrdir. Tikinti-quruculuq işləri çərçivəsində diametri 200 millimetr borularla 7 kilometr, diametri 110 millimetr borularla isə 1,5 kilometr olmaqla, ümumilikdə, 8,5 kilometr suvarma su xətti də çəkilib. Layihə üzrə işlər davam etdirilir.

Seçilən
20
6
ucnoqta.az

8Mənbələr