“Sədərək” firmasının Sədərək rayonunda həyətyanı sahələrin suvarılması məqsədilə qazdığı 6 yeni subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonda olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli görülən işlərlə tanış olub, sakinlərin təsərrüfat qayğıları ilə maraqlanıb.
Bildirilib ki, rayonda uzun illərdən bəri su, kanalizasiya və yol problemlərisürətlə həll edilir və yaxın 1 ildə tam aradan qaldırılacaq. Sədərək rayon sakinləri Əkbər Kərimov və Nəcəf Fərzəliyev yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, “Sədərək” firması tərəfindən rayonda həyətyanı sahələrin suvarma suyuna olan tələbatının tam ödənilməsi üçün, ümumilikdə, 30 subartezian quyusunun istismara verilməsi nəzərdə tutulur. Hazırda işlərin 50 faizi görülüb. Yeni istifadəyə verilən 6 subartezian quyusunun hər birinin su sərfiyyatı saatda 25 kubmetrdir. Tikinti-quruculuq işləri çərçivəsində diametri 200 millimetr borularla 7 kilometr, diametri 110 millimetr borularla isə 1,5 kilometr olmaqla, ümumilikdə, 8,5 kilometr suvarma su xətti çəkilib.