“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla yekunlaşmış səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Gözlədiyimiz kimi, çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər heç bir komandada qol epizodu yox idi. Uzaqdan zərbə nəticəsində qol buraxdıq. Jesse Sekidikanın zərbələri yaxşıdır. Toxunuş da oldu, qapımızda qolla nəticələndi. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olusn ki, qol vurduq. O dəqiqələrdən sonra bir hücum “Sabah”ın, bir hücum “Zirə”nin qapısında idi, bərabər şəraitdə oyun keçirdi. Bəlkə də ədalətli nəticə heç-heçə idi.
Rəşad Sadıqov komandasının uğurlu çıxış etdiyi dönəmdə çempionatda fasilə yaranmasına da toxunub:
“Bəzən belə dövrlərdə fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm, fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundur, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildir ki, məşqçi işləyirəm. Həlledici dövrə dördüncüdür. Ən vacib mərhələ hələ qarşıdadır.
Rəşad Sadıqov Salifu Sumanın adının son zamanlar çox klubla hallanmasının onun performansına təsirinin olub-olmadığına dair sualı da cavablandırıb:
“Bugünə qədər onq təsir etmirdi. Amma bu oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, “Sabah” Sumaya qarşı müəyyən tədbirlər görüb. Onun reydlərinin qaşrısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudur. Ruan Renato və Qismət Alıyevi də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər”.
“AFFA doğru qərar verdi”
“Zirə”nin çalışdırıcısı Azərbaycan millisinin qarşıdakı iki oyunundan gözləntisi və Ayxan Abbasovun U-21 yığmamıza baş məşqçi təyin olunmasına da münasibət bildirib:
“Qarşıdakı oyunlar millinin baş məşqçisi üçün yaxşı fürəstdir. Burada nəticə o qədər də önəmli deyil. Rəsmi oyunlar öncəsi futbolçuları sınaqdan keçirmək üçün yaxşı fürsət olacaq. Allah qoysa, bu müddət ərzində millimiz səmərəli və faydalı period keçirəcək.
Ayxan Abbasovun təyinatına gəlincə, futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə də məndən də soruşsaydınız, ən real namizədi, mən də Ayxan Abbasov deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. “Şamaxı” avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidir”.
“Hakimin qərarı mənim üçün sürpriz oldu” – Berezutski
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçəyə belə şərh verib:
“Biz ilk hissəni yaxşı keçirdik. Standart vəziyyətdən qapımıza qol vuruldu. Halbuki orada cərimə zərbəsi yox idi. Oyunun sonlarında hücuma atılmışıq, matçın bitməsinə də vaxt var idi, amma hakim oyunu saxladı. Bu, mənim üçün sürprizdir. Çox qəribədir. Belə sürprizlə qarşılaşmamışam. Bizə çox sarı vərəqə verildi. Halbuki biz çox da kobud oynayan komanda deyilik.
Oyunun nəticəsini ədalətli hesab etmirəm. Hesab 1:1 olsa da, birinci hissəni yaxşı keçirdik. Oyunun son 20 dəqiqəsində yaxşı oynadıq. Hakimlər haqda çox danışmıram, amma verilən hakim qərarları qəribə idi. Məmnun deyiləm. Buna baxmayaraq, ruhdan düşmürük. Sadəcə işləməyə davam edirik”.