AZ

"Amerikanın Səsi" və "Azadlıq Radiosu" Trampın göstərişi ilə yayımını dayandırıb

ABŞ prezidenti Donald Tramp dünya diktatorlarına daha bir hədiyyə verərək Qlobal Medianın İnkişafı Agentliyinin (USAGM) federal maliyyələşdirilməsini dayandırıb və bu gündən etibarən "Amerikanın Səsi", "Azadlıq Radiosu" və "Azad Avropa"nın yayımını bağlayıb. Bu qurumların əməkdaşları inzibati məzuniyyətə göndərilib, jurnalistlərə işlərini dayandırmaq əmri verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
"83 il ərzində ilk dəfə əfsanəvi "Amerikanın Səsi" susdurulub, bu məni dərindən kədərləndirir”, - radiostansiyasının direktoru Maykl Abramoviç "Facebook" səhifəsində yazıb. "Bu səhər öyrəndim ki, 1 300-dən çox jurnalist, prodüser və texniki heyət üzvü bu gündən etibarən inzibati məzuniyyətə göndərilib. Mən də onların arasındayam".
 
Bağlanmış üç yayım şəbəkəsinin jurnalistləri, redaktorları və administratorları öz müxtəlif dilli auditoriyalarına xəbər verib ki, onlar artıq ən azı müvəqqəti olaraq onlara məlumat ötürə bilməyəcək. CNN-in məlumatına görə, "Amerikanın Səsi"nin müxtəlif dillərdəki radiostansiyaları efiri musiqi ilə doldurmağa başlayıb.
 
"Amerikanın Səsi" dərindən düşünülmüş islahata ehtiyac duyur və biz bunun üzərində işləyirdik. Lakin bu gün atılan addım bizə həyati əhəmiyyətli missiyamızı yerinə yetirmək imkanını əlimizdən alır. Bu missiya xüsusilə bu gün vacibdir, çünki Amerikanın İran, Çin və Rusiya kimi rəqibləri yalançı narrativlər yaratmaq və ABŞ-ı gözdən salmaq üçün milyardlarla dollar xərcləyir", - Maykl Abramoviç yazıb.
 
Əfsanəvi yayım kanallarının bağlanması ABŞ-ın "yumşaq güc" və qlobal təsirinin ən vacib alətlərindən birinin itirilməsi kimi dəyərləndirilir. Bu addım "şişirdilmiş federal bürokratiya və vergi ödəyicilərinin pullarının israfına qarşı mübarizə" kontekstində təqdim olunur. 
 
İnternet əsrində bu radiostansiyalar SSRİ-də və digər totalitar rejimlərdə yaşayan valideynlərimizin dövründəki təsirini itirmiş ola bilər. Lakin onların bağlanması ABŞ-ın qlobal informasiya müharibəsində təslim olması kimi görünür.
 
Bununla belə, CNN-in məlumatına görə, Tramp qlobal yayım siyasətindən tam imtina etmək fikrində deyil. Maliyyələşdirmənin dayandırılması və əməkdaşların kütləvi şəkildə inzibati məzuniyyətə göndərilməsi Qlobal Medianın İnkişafı Agentliyində radikal siyasi təmizləmənin başlanğıcıdır.
 
Agentliyin missiyası federal qanunda belə təsvir olunur: "dünyadakı insanları azadlıq və demokratiya naminə məlumatlandırmaq, onlarla qarşılıqlı əlaqə qurmaq və birləşdirmək". Lakin Tramp administrasiyasının daxili memorandumunda bu missiya fərqli ifadə olunub: "Tramp administrasiyasının siyasətini dünyada aydın və effektiv şəkildə təqdim etmək".
 
Trampın USAGM rəhbəri postuna gətirmək istədiyi şəxs uzun təsdiqləmə prosesindən keçməlidir, "Amerikanın Səsi"nin direktorunu sürətlə dəyişmək isə prezidentə qanunla icazə verilmir. Hazırda onun təyin etdiyi şəxs yalnız "məsləhətçi" vəzifəsinə gətirilib. Beləliklə, "Amerikanın Səsi" "Trampın Səsinə" çevrilməlidir, amma bu baş verənədək prezidentə heç bir "səs" lazım deyil.
Seçilən
15
41
moderator.az

10Mənbələr