AZ

“Azadlıq radiosu”nun anti-Azərbaycan missiyası – Tramp şəbəkəni sıradan çıxarır

“Azadlıq”ın buxovları, Amerikanın olmayan “səs” – Tramp anti-Azərbaycan şəbəkəni sıradan çıxarır

ABŞ Prezidenti Donald Tramp Qlobal Media Agentliyinin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalayıb. Bu, agentliyinin koordinasiya etdiyi “Azad Avropa/Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarının maliyyələsinin kəsilməsi deməkdir. Artıq hər iki radionun işçiləri inzibati məzuniyyətə göndərilib, redaksiyaların qapılarına qıfıllar vurulur.

Trampın bu addımı xüsusilə ABŞ-də demokratlar qanadı və onların dünyadakı tərəfdarları tərəfindən birmənalı qarşılanmır. Onlar hesab edirlər ki, bu, ABŞ-nin qlobal siyasətdə mövqeyini zəiflədəcək və müstəqil informasiya axınına mənfi təsir göstərəcək. Birinci yanaşma doğru, ikinci yanaşma yanlışdır. Həm “Azadlıq radiosu”, həm də “Amerikanın səsi” müstəqil deyil, ABŞ-nin müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətinə uyğun informasiya axınını təşkil edib. Həmin resursları koordinasiya edən Qlobal Media Agentliyinin ABŞ hökuməti tərəfindən maliyyələşməsi də bunu təsdiq edir. Media resurslarının əsas hədəfi ABŞ-nin qlobal təsirini yaymaq olub. Hərçənd, ABŞ Prezidenti Donald Trampın hər iki radionun maliyyəsini kəsməsi sual yaradır: Vaşinqton qlobal təsir imkanlarından niyə imtina edir?

Bunun iki aydın səbəbi var.

1. “Azadlıq radiosu” və “Amerikanın səsi”nin maliyyəsi Tramp administrasiyasının büdcə gəlirlərinə qənaət edilməsi siyasətinə əsasən dayandırılıb;

2. Hər iki media resursu ABŞ-nin milli maraqlarından daha çox, USAİD-in də xidmət etdiyi qlobal şəbəkələrin maraqlarına uyğun fəaliyyəti ilə seçilir və müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətində əsas alətlərdən biridir;

USAİD-in bağlanması qərarını verən Tramp eyni missiyanı yerinə yetirən – informasiya təminatı adı altında ölkələrin daxili işlərinə müdaxilə edən və dünyanın müxtəlif coğrafiyalarında ABŞ-ni digər ölkələrlə üz-üzə qoyan media resurslarının da fəaliyyətini məhdudlaşdırır.

“Amerikanın səsi” İkinci dünya müharibəsinin gedişində, “Azadlıq radiosu” isə müharibədən dərhal sonra fəaliyyətə başlayıb. Müharibədən sonra hər iki radiostansiyanın missiyası kommunizmə qarşı mübarizədə informasiya kampaniyasını həyata keçirmək idi və hər iki resurs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən maliyyələşirdi. 1970-ci illərdə “Azadlıq radiosu”nun CİA ilə əlaqələri ifşa edildən sonra bu və eyni missiyanı yerinə yetirən digər media resursları yeni yaradılan Qlobal Media Agentliyinin çətiri altına toplandı. Agentliyinin yaradılmasında məqsəd də məhz “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi resursların CİA ilə əlaqələrini və onların gizli missiyalarını pərdələmək idi. “Soyuq müharibə” dövründə hər iki radiostansiya missiyalarını uğurla həyata keçirdilər. SSRİ-nin dağılması və kommunizmin sıradan çıxmasından sonra bu media resurslarının önündə yeni çağırışlar peyda oldu: alternativ informasiya adı altında hədəf seçilən ölkələrin daxili işlərinə müdaxilə etmək.

“Ərəb baharı”nın təşkilində “Azadlıq radiosu” və “Amerikanın səsi”nin ciddi rol oynadığına dair faktlar var. Yaxın Şərqi qan çanağına çevirən bu inqilab ssenarilərinin təşkilində sosial şəbəkələr də geniş rol oynadı. Məhz “Azadlıq radiosu”nu “ərəb baharı” prosesinin başlanmasından aylar öncə Yaxın Şərq ölkələrində gənclər arasında sosial şəbəkələrlə bağlı seminarlar təşkil etməsi təsadüfi deyildi. Yaxud postsovet məkanındakı “rəngli inqilab”larda – Qırğızıstandan Ukraynaya qədər uzanan coğrafiyada baş verənlərdə bu media resurslarının birbaşa, yaxud dolayısı ilə iştirakına dair yetərincə faktlar var. İnqilabların təşkilində, ümumiyyətlə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətində bu media resursları informasiya axınını bir neçə istiqamətdə qururlar:

1. Məlumat axınını neqativ məqamlar üzərində kökləyir;
2. Birtərəfli şəkildə yalnız neqativ məlumatları tirajlayır;
3. Dezinformasiyaların yaradılması və yayılmasını təmin edir;
4. Müxtəlif ölkələrdə jurnalistlərin ələ alınması və casusluq fəaliyyətinə sövq edilməsinə imkan yaradır və s.

“Azadlıq radiosu”nun keçmiş prezidenti Jeff Gedman “The Boston Globe” nəşrində çap olunan məqaləsində yazırdı ki, Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir: “Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin ələ alınması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər”.

Azərbaycan “Azadlıq radiosu” və “Amerikanın səsi”nin ən çox qərəzli informasiya hücumuna məruz qalan ölkələrdən olub. Prezident İlham Əliyev də ötən ilin dekabrında Rusiya mediasına müsahibəsində “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycana qarşı qarayaxma kampaniyasında əlaltı kimi istifadə edildiyini vurğulamışdı.

“Onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, - dövlət başçısı xarici müdaxilə cəhdlərindən bəhs edərkən bildirmişdi.

Bu media resursları təkcə Azərbaycanın daxili işlərinə qarışmır, həm də Qarabağın işğalı dövründə, 44 günlük müharibə və ondan sonra Ermənistanın maraqlarının müdafiəsini təşkil edirdilər. 2003-cü ilə qədər “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin rəhbəri olmuş mərhum Mirzə Xəzərin etirafları bu kontekstdə xüsusilə diqqətçəkəndir.

Seçilən
10
1
publika.az

10Mənbələr