“Ermənistanın əsgərləri üçün təlimlər keçirməsi, istehkamlar qurması və bəzi ölkələrdən müasir silahlar alması yalnız daxili auditoriyaya hesablanmış addımlardır. Ermənistan öz gücünü yaxşı bilir və anlayır ki, Azərbaycana qarşı atacağı yanlış addımlar ona çox baha başa gələ bilər”. Bunu Metbuat.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın yenidən müharibəyə hazırlaşmaq ehtimalından danışarkən deyib.
A.Səmədov bildirib ki, Ermənistan uzun müddət israr etdiyi bəzi müddəalardan imtina edib. Bu, onun sülhə doğru addım atmağın vacibliyini dərk etdiyini göstərir: “Bundan əlavə, Qərbə güvənərək cəsarətli bəyanatlar verməyin və riskli addımlar atmağın hansı nəticələrə səbəb ola biləcəyini də son vaxtlar aydın şəkildə görüb. Həm ermənilər, həm də keçmiş Sovet məkanında yaşayan digər xalqlar anladı ki, Qərbin dəstəyinə güvənərək reallıqdan uzaq addımlar atmaq dövlətləri ağır fəlakətlərlə üzləşdirə bilər. Üstəlik, Paşinyanın Trampın seçkisindən dərhal sonra Vaşinqtona uğursuz səfəri bir daha göstərdi ki, prezident Tramp Baydenin yanlış siyasətini davam etdirməyəcək və Cənubi Qafqazda daha çox Azərbaycanla əməkdaşlığa səy göstərəcək”. Politoloq bu səbəbdən Ermənistanın müharibəyə başlama ehtimalını mümkün hesab etmir. Onun fikrincə, hazırkı hakimiyyət əvvəlki təcrübələrdən kifayət qədər dərs alıb və onun aqressiv addımlar ataraq yeni müharibəyə səbəb olması real görünmür. Sevinc İbrahimzadə / Metbuat.az