AZ

Boşananların nəzərinə: alimentlə bağlı bu addımı ata bilərsiniz – Hüquqşünas mühüm detalları açdı

Turkustan.az Globalinfo.az-a istinadla İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin hüquq şöbəsinin rəisi Rövşən Məmmədovla müsahibəni təqdim edir:

– Rövşən bəy, bildiyimiz qədər tez-tez bölgələrə səfər edir, polis şöbələrində olur, məhbuslarla görüşlər keçirirsiniz. Ən son nə vaxt monitorinq keçirmisiniz?

– Mart ayının 10-dan 19 rayonumuzda monitorinq aparmışıq. Bu günlər ərzində Hacıqabul, Şirvan, Kürdəmir, Ucar, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, Xankəndi, Ağsu, Göyçayda və başqa rayonlarda monitorinq keçirdik.

– Monitorinq zamanı hansı problemlərlə qarşılaşdınız?

– Bu rayonlarda ən çox inzibati həbslərin olduğunu öyrəndik. Səbəb isə alimentlərlə bağlı idi. Rayonların əksəriyyətində alimentə görə olan həbslər təkrar idi.

– Həbslər neçə müddətlik olur?

– Qanunvericiliyə uyğun olaraq inzibati həbslərdə 2 dəfə 15 gün, sonra 1 ay, hətta cinayət işi də qaldıra bilərlər.

– Alimenti ödəmək üçün şəxs dərhal həbs olunur, yoxsa vaxt verilir?

– Onlara bir həftə şans yaradılır ki, iş tapıb, işləsinlər. Lakin təəssüf ki, iş tapılmır.

– İş tapa bilməyən şəxs alimenti necə ödəməlidir bəs?

– Hökumətə təklif edirik ki, aliment ödəyə bilməyənləri məcburi əməyə cəlb etsinlər. Bundan sonra da maaşlarından alimentin məbləği ödənilsin.

– Aliment borcları nə qədər olur?

– Elə ata var ki, 6-7 min aliment borcu toplanıb. Nə qədər olmasa bu uşaq da böyüməlidir, yaşamalıdır. Ümid edirəm ki, məcburi əməklə bağlı təklifimizə müsbət cavab alarıq.

– Bir çoxları boşanmanın artmasında qadınları günahlandırır ki, aliment alıb, rahat yaşamaq üçün boşanırlar. Sizcə, boşanmaların sayı niyə bu qədər artıb?

– Mən belə düşünmürəm. Çünki aliment maksimum 235 manatdır və ya digər şəxsin maaşı çoxdursa, onun 1/4 hissəsi alimentə ayrılır. Bu da 500-700 manat civarında olur. Əgər qadın boşanmasa, kişinin maaşı cəm şəkildə evə gələrsə, onda qadın niyə 235 manata görə boşansın? Yanlış yanaşmadır.

rovsen

Rövşən Məmmədov

– Evlənmədən öncə nikah müqaviləsi olmalıdırmı?

– Fikrimcə, hər şeydən öncə müəyyən bir qurum yaranmalıdır ki, gənclər ailə qurmadan əvvəl evliliklə bağlı söhbətlərə cəlb olunub, məsuliyyəti dərk etsinlər. Həmin qurumda psixoloqlar gənclərlə söhbət aparsa, xasiyyətlərinin uyğun olub-olmamasını desə, birlikdə bu yola çıxıb-çıxa bilməmələri haqqında söhbətlər etsə, daha yaxşı olar.

– Belə bir qurumun yaradılması evlənmə sayının azalmasına gətirib çıxarmaz?

– Azalmağa doğru gedəcəyini düşünmürəm. Belə bir qurum boşanmanın qarşısını almaqda köməklik göstərmiş olar. Əksinə, sağlam ailə görə bilərik.

– Rövşən bəy, aliment 235 manat olduğu halda bəzi bölgələrimizdə hakim 86 manat aliment təyin edir. Bu, nə dərəcədə doğru və ədalətli qərardır?

– O şəxslər yenidən məhkəməyə müraciət edib, alimentin artırılmasını tələb etmə hüququna malikdirlər. Ola bilər, həmin hakim məsələyə qərəzli yanaşıb. İnanıram ki, məhkəməyə təkrar müraciət olunduqda məsələyə şəffaf baxılacaq.

– Sizcə, 235 manatla bir övladı böyütmək mümkündürmü?

– Çətindir… Bilirsiniz, valideyn də bunları düşünməlidir. Adam var ki, təyin olunan 235 manatdan əlavə də övladı üçün nələrsə edir. Amma ümumilikdə 235 manat az məbləğdir.

Seçilən
13
50
turkustan.az

10Mənbələr