AZ

Kilian Mbappe İspaniyada ən çox bəyəndiyi məqamı açıqladı

Madrid “Real”ının fransalı ulduz hücumçusu Kilian Mbappe İspaniyadakı həyatında ən çox bəyəndiyi məqamdan söhbət açıb.

Arena.az məlumat verir ki, fransalı futbolçu bu barədə xanım jurnalist Ane Pastora müsahibəsində danışıb:

“Mən İspaniyada xoşbəxtəm, bu, mənim üzümdən oxunur. Madridlə, ispan mədəniyyəti ilə tanış olmağa çalışıram, amma biz futbolçuların başqa işlərə vaxtı azdır. Mən futbola köklənmişəm, axı biz hər üç gündən bir oynayırıq. Təqvim təəssürat yaradır, bizə çoxlu oyunlar keçirmək gərək olur.

Mənə İspaniyada ən çox xoş gələn xüsus – insanlardır. Onlar çox dostpərvər və səmimidirlər. Mən fransalıyam, ispan deyiləm, amma mənə həmişə kömək edirlər. Xüsusən Madriddə, həmçinin biz evdən kənarda olanda qalan İspaniyada da. Bu, çox yaxşıdır”, deyə Mbappe fərəhlə vurğulayıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 47 oyuna çıxıb, 33 qol vurub, 5 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
157
14
arena.az

10Mənbələr