“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe qələm əhli – jurnalistlərlə ünsiyyət qurmağı xoşlamadığını etiraf etməklə günədəmə gəlib.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, müvafiq etirafına rəğmən, fransalı ulduz, futbolçuların kütləvi informasiya vasitələri üçün açıq olmalı olduqlarını vurğulayıb:
“Mən az danışıram və müsahibə verməyi xoşlamıram, ama biz bunu etməliyik, çünki əks halda insanlar sizin haqqınızda şəxsi qənaət hasil edəcəklər. Bəzən mən düzgün davranıram, bəzən yox, bu, adi haldır. Biz hamımız insanıq”, deyə Mbappe vurğulayıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 47 oyuna çıxıb, 33 qol vurub, 5 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.