AZ

Riberi: “Müller müstəsna çempion və döyüşçüdür”

“Bayern”in fransalı keçmiş hücumçusu Frank Riberi münhenlilərin 35 yaşlı alman hücumçusu Tomas Müller haqda fikrini bildirib.

Arena.az Riberinin müvafiq qənaətini təqdim edir:

“Müller – hamıya nümunə olan müstəsna çempion və döyüşçüdür. O, Camal Musiala kimi gənc deyil, amma Müllerin təcrübəsi dəyərəsığmazdır”, deyə Frank Riberi vurğulayıb.

Xatırladaq ki, Müller bir neçə gün öncə mövsümün sonunda “Bayern”dən ayrılacağını bəyan edib. Amma onun karyerasını davam etdirmək istədiyi vurğulanır.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyulundan klubun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 37 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 744 oyun, 248 qol, 273 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
122
4
arena.az

10Mənbələr