Eynəkdən xilas olmaq və görmə problemlərini düzəltmək üçün bir neçə optik və cərrahi üsullar var. Xəstələrin ağlına ilk gələn üsullar isə adətən eksimer lazer əməliyyatı və ya linza qoyulmasıdır.
Bir çoxuna maraqlıdır ki, hansı əməliyyatın edilməsi gözün vəziyyətindən necə asılıdır?
Mövzu ilə bağlı açıqlama verən oftalmoloq Qurban İsmayılovun sözlərinə görə hansı əməliyyatın edilməsi buynuz qişanın topoqrafiyasına və gözün dibinin vəziyyətinə uyğun olaraq həkim tərəfindən seçilir.
“Bütün orqanlar kimi, gözün inkişafı da 18 yaşında tamamilə sonlanır. Yəni bu yaşa çatan şəxslərdə görmə orqanı tam inkişaf etmiş sayılır. Refraksiyanın anomaliyaları zamanı xəstə eynək korreksiyası, optik korreksiya və cərrahi əməliyyatlardan istifadə edə bilər”.
Həkim eksimer əməliyyatların özünəməxsus növlərinin olduğunu qeyd edir:
“Buynuz qişanın topoqrafiyası normal olanlar, görmə itiliyi korreksiya ilə artanlar, buynuz qişanın üzərində çapıq olmayanlar, şəkərli diabet xəstəsi olmayanlar cərrahi əməliyyat ola bilərlər”.
Bəs hansı hallarda gözə linza yerləşdirilə bilər?
“Bəzi hallarda refraksiyanın dərəcəsi daha yüksək olduqda və buynuz qişanın qalınlığı imkan vermədikdə gözün içinə intraokulyar linza yeridilir”,- deyə Qurban İsmayılov sonda bildirib.