AZ

Rüfət Dadaşovun yoxluğunda “Dinamo”dan vacib qələbə

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın Şimal-Şərq Regional Liqasının 28-ci turu çərçivəsində Berlinin digər təmsilçisi “Herta”nın ikinci kollektivi ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bunun səbəbi hücumçunun hazırda ciddi zədədən əziyyət çəkməsidir.

28 turdan sonra 56 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
4
Mənbələr
Şərh ()
Bağla