AZ

Rüfət Dadaşovun komandası onun yoxluğunda uduzdu

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Almaniyanın Şimal-Şərq Regional Liqasının 31-ci turu çərçivəsində “Hanza Rostok”un ikinci komandası ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası beş qolun qeydə alındığı qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 2:3.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bunun səbəbi hücumçunun hazırda ciddi zədədən əziyyət çəkməsidir. Onun bu mövsüm bir daha meydana çıxması gözlənilmir.

31 turdan sonra 57 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb və liderdən 4 xal geri qalır.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Seçilən
14
4
Mənbələr
Şərh ()
Bağla