Azərbaycanda serial, film rejissorluğu ilə yanaşı, klip rejissorluğu da illər öncədən mövcud olub. Keçmişdə çəkilən kliplər keyfiyyət, rəng, işıq baxımından zəif olsa belə, hələ də günümüzdə həmin kliplərdən çoxunu sevə-sevə izləyirik. Bu gün rejissorlar klip bazarında durğunluq yaşandığını qeyd etsələr də, tanınmış estrada müğənnilərinin klipləri ilə yanaşı, yeni ifaçıların da bir çox işlərinin şahidi oluruq.
Mövzu ilə əlaqədar klipmeyker, rejissor Nail Naiboğlu MediaPost-a açıqlamasında qeyd edib ki, əvvəllər ancaq bir televiziyada klip gedirdi:
“Bir müddət, ümumiyyətlə klip çəkdirən yox idi. Buna səbəb isə televiziyaların klipləri yayımlamamasıdır. Ancaq pulla efirə kliplər yayımlanır. Əvvəllər ancaq bir televiziyada klip gedirdi. Orada da qiymət elə idi ki, hər sənətçi onu ödəyə bilmirdi. Həm də hər klipi efirdə yayımlamırdılar. Amma indi MTV, "Youtube" kanalları var. Bizdə klipdən pul qazanmırlar. Türkiyə şou-biznesində də vəziyyət eynidir”.