Çox vaxt “əyalət teatrları” adlandırdığımız rayon teatrlarının fəaliyyəti nadir hallarda mətbuat aləmində öz əksini tapır. Hazırda həmin teatrların bəzilərinin öz yeni inkişaf mərhələsini yaşadığını, hətta “əyalət teatrlığından” çıxdıqlarını nəzərə alsaq, onlardan söz açmamaq ədalətsizlik olar.
Xüsusən, regionlarda teatrların binalarının mövcüd vəziyyəti, texniki təchizat sistemləri və aktyorların sosial təminatları ilə bağlı problemlər mövcuddur.
Əməkdar İncəsənət Xadimi, teatr rejissoru Bəhram Osmanov MediaPost-a açıqlamasında qeyd edib ki, bölgə teatrlarına yeni qüvvələrin cəlb olunması azdır:
“Bəzi bölgə teatrları ilə əlaqələrim daha möhkəmdir. Azərbaycanda həmişə rejissura problemi olub. Bu gün 26 dövlət teatrı var. Eyni sayda da mükəmməl rejissor lazımdır. Bölgə teatrları orada işləyən aktyorların hesabına yaşayırlar. Hərdən çox maraqlı tamaşaları olur, festivallardan uğurla qayıdırlar. Sadəcə, bölgə teatrlarına yeni qüvvələrin cəlb olunması azdır. Universiteti bitirən uşaqlar bölgələrə getmək istəmirlər”.