RU

Yalançı sülh göyərçini: Ermənistan səmimidirsə, Azərbaycanın tələblərini nəzərə almalıdır - TƏHLİL

Azərbaycan və Ermənistan arasında uzun illər davam etmiş münaqişənin başa çatmasından sonra regionda dayanıqlı sülhün təmin edilməsi məqsədilə intensiv diplomatik təşəbbüslər həyata keçirilir. Azərbaycan bu sülh prosesinin əsas təşəbbüskarlarından biri kimi çıxış edərək, Ermənistanla aparılan danışıqlarda əsas rol oynayıb və sülh sazişi layihəsindəki əksər bəndlərin müəllifi olub.

Azərbaycanın bu prosesdəki rolu yalnız sülh sazişinin təşəbbüskarı olmaqla məhdudlaşmır. Bakı eyni zamanda regional sabitliyin və əməkdaşlığın gücləndirilməsi məqsədilə genişmiqyaslı iqtisadi və infrastruktur layihələri irəli sürməkdədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürətlə həyata keçirilməsi, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası və inkişafı regionda uzunmüddətli sülhün təmin edilməsində mühüm amil kimi qiymətləndirilir.

Azərbaycanın sülh təşəbbüsü

Sülh prosesinin uğurla yekunlaşması Cənubi Qafqaz regionunun təhlükəsiz və davamlı inkişaf edən geosiyasi məkana çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində çıxışı zamanı da sülh sazişi ilə bağlı fikirlərini bölüşüb: “Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır.”

Elxan

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu APA-ya açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru mühüm irəliləyiş əldə olunduğunu deyib:

Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistana sülh sazişi imzalamağı təklif etdi və tələblərimizi irəli sürdük. Əsas tələblərimizdən biri Ermənistanın öz Konstitusiyasına dəyişiklik etməsidir. Onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Sonra sülh sazişi mətn üzrə iş başladı və xeyli maddələr razılaşdı. Son ana qədər 17 bənddən 15-i razılaşdırılmışdı və son anda Ermənistan Azərbaycanın iki tələbini də qəbul etdi: Bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq və başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməmək.

Bununla da, artıq sülh sazişinin imzalanmasına xeyli yaxınlaşmışıq. İndi əsas məsələ budur ki, Ermənistanda Konstitusiyaya dəyişiklik edilsin. Düzdür, bu tələb sazişin mətnində yer almayıb, amma bunu da etməlidir. Paşinyan gələn il üçün bunu edəcəyini deyib. Amma Paşinyan gələn ili gözləmədən, bölgədə sülh və əməkdaşlıq, eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, mütləq mənada Konstitusiya dəyişikliklərini ləngitməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı irəli sürdüyü ideya var: Qafqaz evi ideyası! Sülh sazişi imzalanarsa, regional layihələr işə düşərsə, Ermənistan Zəngəzur dəhlizinə maneə yaratmazsa və Konstitusiya dəyişiklik edilərsə, həqiqətən Qafqazda sülh, barış və əməkdaşlıq platforması həyata keçirilə bilər.”

Ermənistanın xarici siyasəti və sülh strategiyası

Son dövrlər Ermənistan öz xarici siyasətini "sülhsevər" imici yaratmaq istiqamətində qurur. İrəvan beynəlxalq arenada sülhə sadiq olduğunu iddia etsə də, eyni zamanda, həm diplomatik, həm hərbi sahədə atdığı addımlar bu iddiaların gerçəkliyi sual altına qoyur.

Son aylarda Ermənistan rəsmilərinin sıx xarici səfərləri, Avropa Parlamenti, Belçika və İsveçrə parlamentlərində Azərbaycana qarşı qəbul edilən sənədlər bu siyasətin təsdiqidir. Bu sənədlər vasitəsilə Ermənistan Azərbaycanı beynəlxalq məkanlarda tənqid etmək, onun haqlı mövqeyini zəiflətmək və siyasi təzyiq altına almaq niyyətini ortaya qoyur.

XII Qlobal Bakı Forumunda çıxışında Prezident İlham Əliyev də Ermənistanın yürütdüyü ikili siyasətə vurğu edib, bəzi Avropa bürokratlarının Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışdığını diqqətə çatdırıb.

Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik”, - deyə dövlət başçısı bildirib.

Avropanın bəzi ölkələrinin Ermənistanı sülhün çarçısı kimi təqdim etməsi məsələsinə toxunan politoloq İrəvanın işğal illərində törətdiyi əməlləri unutmağın mümkün olmadığını deyib: “Uzun illər torpaqlarımız işğal altında qalıb, separatçılar Ermənistan tərəfindən silahlandırılıb. Bu gün Azərbaycanla sülh sazişi imzalamaq istəyən Paşinyan vaxtilə qanunsuz olaraq Qarabağa, Şuşaya gəlib, içkili halda yallı gedib, “Qarabağ Ermənistandır”, deyirdi, Cəbrayıla yol çəkmək istəyirdi, amma İkinci Qarabağ müharibəsindən sonra reallıqları anlamağa başladı və başa düşdü ki, Azərbaycanın ərazi bütövlüyü bütün hallarda təmin edəcək. Biz keçmişdə baş verənləri unutmamışıq və unuda bilmərik. Erməni separatçılarının və Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri, Xocalı və digər soyqırımları unutmaq olmaz. Ona görə də Avropanın Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışan bəzi ölkələrinə Ermənistanın 30 il ərzində törətdiyi cinayətləri daim xatırladacağıq. İndi Bakıda müxtəlif hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi gedir. Faktlar bir daha üzə çıxır. Separatçılar bu faktları öz dilləri ilə səsləndirirlər. Qətliamları necə törədiblər, necə silahlanıblar, Azərbaycan ərazilərini necə işğal ediblər?.. Bunların hamısı tarixdə qalacaq. Yaddan çıxmayacaq. Beynəlxalq aləm də bunları unutmamalıdır. Bütün bu əməlləri törətmiş Ermənistanın, onun keçmiş və indiki rəhbərlərinin sülh göyərçini, sülh quşu adlandırılması absurddur”.

Azərbaycan-Ermənistan münasibətlərində etimad problemi

Azərbaycan cəmiyyətində Ermənistana qarşı etimad səviyyəsi son dərəcə aşağıdır və bunun tarixi, siyasi və hərbi səbəbləri var. Uzun illər davam edən münaqişə, işğal siyasəti və onun nəticələri Ermənistanla münasibətlərimizə təsir edib. Sülh prosesləri və danışıqlar aparılsa da, etimadın formalaşması üçün konkret addımlar və real nəticələr lazımdır. Qarabağ müharibələri və etnik təmizləmələr kimi hadisələrin təsiri hələ də yaddaşlarda qalır. Etimadın bərpası üçün qarşılıqlı hörmət, beynəlxalq hüququn qorunması və sülh təşəbbüslərinin real icrası vacibdir.

Prezident İlham Əliyev də dünənki çıxışında Ermənistana etimad aşağı olduğuna görə onların sözlərinə inanmağın mümkün olmadığını deyib: “Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq...

Sülhün davamlılığı üçün zəruri şərtlər

Ermənistana inamın zəif olmasına dair fikirlərini bölüşən Elxan Şahinoğlu Azərbaycan və Ermənistan arasında sülh sazişinin davamlı olması üçün bütün şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb, əks halda sazişin hüquqi qüvvəsini itirə biləcəyini qeyd edib.

Sözə, vədə inanmaq olmaz. Saziş olmalıdır. Bəndlər var və o bəndlər yerinə yetirilməlidir. Sülh sazişi layihəsində olan 17 bənddən hansınısa Ermənistan yerinə yetirməsə, Azərbaycan sazişdən imtina edə bilər. Bu isə Ermənistanın özünün vəziyyətini ağırlaşacaq. Dünya tarixində məğlub ölkənin qalib ölkəyə diktə etməsi görünməyib. Biz təkliflərimizi vermişik, təkliflərimiz qəbul olunursa, sülh sazişi imzalanacaq. Amma Ermənistan yenidən, deyək ki, uzaqmənzilli raketlər almağa davam edərsə, Azərbaycan əleyhinə siyasət yürüdərsə, Ermənistan ordusundakı mövcud təxribatçı qruplar atəşkəsi pozarsa, onda bu sazişin ömrü uzun olmayacaq. Odur ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, onun yerinə yetirilməsini təmin etməlidir. Paşinyan sülh sazişinə imza atacaqsa, sazişin tələblərinin təmin edilməsinə görə məsuliyyət daşımalı olacaq. Sazişdəki bütün bəndlər yerinə yetirilməlidir”.

Azərbaycan qalib dövlət olaraq, regionda uzunmüddətli sülhün təmin olunmasına dair real addımlar atır və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Lakin Ermənistanın müxtəlif yollarla sülh prosesini yubadaraq regionda gərginliyi yenidən artırmağa çalışır. Ermənistanın sülh ritorikası arxasında dayanan gerçəklik tam fərqlidir. İrəvanın davam edən silahlanma siyasəti və yeni hərbi texnika alması onun reallıqda sülh deyil, yeni müharibəyə hazırlaşdığını göstərir. Ermənistan bu siyasətini gizlətmək üçün sülhdən danışması, sadəcə, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün hesablanmış strategiyadır. Beynəlxalq ictimaiyyət bu manipulyasiya siyasətinə qarşı diqqətli olmalı və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün obyektiv yanaşma sərgiləməlidir.

Ermənistanın silahlanma siyasəti və potensial təhlükələr

Azərbaycan Prezidenti də XII Qlobal Bakı Forumunda çıxışında Ermənistanın yeni müharibəyə hazırlaşdığını bir daha diqqətə çatdırıb: “Onların silahlanması – bu, nəyi göstərir? Bu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”.

Ermənistanın yeni hərbi münaqişəyə hazırlaşması barədə danışan politoloq qeyd edib ki, Ermənistanın silahlanmadan imtina etməsi və bölgədə sabitliyə mane olacaq siyasətdən çəkinməsi vacibdir.

Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, silahlanmadan da imtina etməli olacaq. Yəni uzaq mənzilli raketlər ancaq Azərbaycanla müharibə mənasını daşıya bilər. Miqyasca kiçik bir dövlət olan Ermənistanın 100 kilometrlərlə uzanan raketlər nəyinə lazımdır? Azərbaycan şəhərlərini hədəfə ala bilər. Biz, ikinci Qarabağ müharibəsində də bunu gördük. Biz bunun bir daha təkrarlanmasına yol verə bilmərik. Ermənistan iki ölkədən - Fransa və Hindistandan uzaq mənzilli raketlər və ağır texnika alır. İrəvan bu siyasətinə də korrektə etməli, bundan vaz keçməlidir. Digər tərəfdən, Fransa və Hindistan da bölgədə yaranan sülh şəraitinə mane olmamalıdır. Onlar Ermənistanı kütləvi şəkildə silahlandırmaqdan imtina etməlidirlər. Ermənistan özü də silahlanmadan imtina etməli, bu cür siyasət yürütməməlidir. Ermənistan sülh istəyində səmimidirsə, bunu etməlidir”.

Ermənistan Azərbaycanın tələblərini nəzərə almalıdır

Armenia's

Azərbaycanın sülh prosesindəki təşəbbüskarlığı regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın sülhlə bağlı tələblərinin nəzərə alınması regiondakı sabitlik və uzunmüddətli barışıq üçün vacibdir. Sülh sazişinin tam imzalanması və icrası Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yarada bilər. Buna nail olmaq üçün hər iki tərəf siyasi iradə ortaya qoymalı, beynəlxalq birlik isə bu prosesə dəstəyini davam etdirməlidir. Azərbaycan Ermənistanla hərtərəfli və beynəlxalq hüquq normalarına əsaslanan sülh müqaviləsinin imzalanmasını hədəfləyir. Bu işdə əsas məsuliyyət də Ermənistanın üzərinə düşür. Çünki qalib dövlət olmasına baxmayaraq, məhz Azərbaycan ilk olaraq sülh təşəbbüsü ilə çıxış edib, hazırda da bu prosesi irəli aparır. Ermənistanın anlaşılmaz addımları isə daha çox sülh prosesinə əngəl törətmək niyyəti kimi qiymətləndirilə bilər. Məğlub Ermənistan, həqiqətən, sülh istəyirsə, Azərbaycanın narahatlıqlarını nəzərə almalı, tələblərini yerinə yetirməlidir. İlk növbədə isə Ermənistan cəmiyyəti sülhə hazırlanmalıdır. Ermənistan cəmiyyətində son vaxtlar sülh əleyhdarlarının, revanşistlərin daha da aktivləşdiyi müşahidə olunur. Onların başında isə Qarabağ, Xocalı qatilləri, keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan və onların tərəfdarları gəlir. Əslində, Paşinyanın Robert Koçaryan, Serj Sarkisyan və Qarabağda əli minlərlə günahsız insanın qanına batmış cinayətkarı həbs edərək, Azərbaycana təhvil verməsi daha məntiqli və doğru addım olardı. Adı çəkilən şəxslərin sülhə ciddi problem yaratmaq niyyətində olduğunu nəzərə alsaq, Paşinyan bununla sülh istəyində nə qədər səmimi olduğunu göstərər, eyni zamanda cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verərdi.

Bundan başqa, Ermənistan Konstitusiyasında dəyişikliklər etməli, öz ərazisində sərhəd boyu demilitarizasiya zonası yaratmalı, Zəngəzur dəhlizi açılmalıdır.

Избранный
29
50
apa.az

10Источники